Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən su emalı müəssisəsində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
“Məray su” əmtəə nişanlı qablaşdırılmış içməli su emalı müəssisəsində yoxlama aparılıb. Məlum olub ki, obyektdə hüquqi aktlar, sanitariya norma və qaydaları ilə bağlı bir sıra tələblər pozulub. Belə ki, məhsulların qanunvericiliyə uyğun markalanmadığı, qablaşdırma materiallarının yuyulub dezinfeksiya edilməsi üçün ayrıca yuma sahəsinin mövcud olmadığı, emal sahəsində temperatura nəzarətin aparılmadığı, tavan və divarların tamlığının pozulduğu məlum olub.
Eyni zamanda mütəmadi təmizlik işlərinin aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı müəyyən olunub.
Məhsullardan nümunələr götürülərək müvafiq laboratoriyaya göndərilib. Müayinələrin nəticələrinə əsasən, nümunələrin normativ tələblərə cavab vermədiyi aşkarlanıb.
Faktlarla bağlı müəssisə rəhbərliyi məsuliyyətə cəlb edilib, obyektin fəaliyyəti dayandırılıb.