Abşeron rayonunun Məmmədli kəndinə elektrik enerjisinin verilməsində problem yaşanır.
Bu barədə oxu.az-a kənd sakini məlumat verib.
O qeyd edib ki, bu gün səhərdən Seyid Şuşinski, 75b ünvanında elektrik enerjisi yoxdur. "Evdə böyük-kiçik buz kəsmişik. İşığı niyə kəsdiklərini öyrənə bilmirik", - deyə şikayətdə qeyd olunub.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, buna səbəb ərazidəki xətlərdə yenilənmə işlərinin aparılmasıdır.
"S.Şuşinski küçəsində cəmi səkkiz evdə işıq yoxdur. Hazırda əməkdaşlarımız ərazidəki elektrik xətlərinin yenilənməsini həyata keçirirlər. Yaxın bir saat ərzində elektrik enerjisinin verilməsi təmin olunacaq", - deyə məlumatda bildirilib.