Dələduzluqda təqsirləndirilən sabiq baş həkim Rauf İsfəndiyarov həbs olunub. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda vəkillər vəsatətlə çıxış ediblər.
Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının rəhbəri olmuş R.İsfəndiyarovun vəkili bildirib ki, zərərçəkmiş Dəniz Əsədova anlaqsız halda ifadələr verib və barəsində tibbi ekspertiza təyin edilməsini istəyib. Lakin hakim vəsatəti təmin etməyib.
Şahidlərin və təqsirləndirilən şəxsin zərərçəkmişlərə dəyən zərəri ödəməməsi səbəbindən D.Əsədovanın vəkilləri təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət verib.
Məhkəmə vəsatəti təmin edib və təqsirləndirilən Rauf İsfəndiyarov məhkəmə zalında həbs edilib.
Məhkəmənin baxış iclası fevralın 6-na təyin edilib.
Rauf İsfəndiyarovun əməlindən 3 nəfər zərərçəkmiş – müğənni Dəniz Əsədova, Dövlət Sosial Müdafiə Fondu və Səhiyyə Nazirliyi tanınıb.
Təqsirləndirilən şəxs dövlətə 1 milyon 646 min manatdan çox ziyan vurub.