Sosial şəbəkələrdə vətəndaşları aldadan nigeriyalılar saxlanılıblar. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Həmin dəstənin üzvləri insanlara şirnikləndirici vədlər verərək xüsusi tətbiqilərin köməyi ilə onların kartlarından külli miqdarda pul oğurlayıblar. Məsələ ilə bağlı polisə çoxsaylı müraciətlər daxil olub.
Bildirilib ki, dələduzluq əməlləri, xüsusən Telegram sosial şəbəkəsində yayılıb. Bu şəxslər sosial şəbəkələrdə yaratdıqları "Philips Tomas Ben" və digər saxta profillər vasitəsilə zərərçəkənlərlə danışıqlar apararaq guya onlara xaricdən müxtəlif növ bahalı hədiyyələr göndərəcəklərinə dair yalan vədlər veriblər. Daha sonra dəstə üzvləri karqo xidmətlərinin ödənilməsi adı altında ayrı-ayrı ödəniş sistemlarindən istifadə etməklə bank kartlarına köçürmə yolu ilə çoxsaylı vətəndaşa məxsus külli miqdarda pul vasaitlarini ələ keçiriblər.
Aparılan tədbirlər nəticəsində Azərbaycan ərazisində kibercinayətkarlıqda şübhəli bilinən Ejiofor Onyekaçu Benedikt və Emere Onyebuçi Kristiantu saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Dəstənin Nigeriya Federativ Respublikasında fəaliyyət göstərən digər üzvlərinin də saxlanılması istiqamətində qeyd edilən ölkənin hüquq-mühafizə orqanlarına müvafiq sorğular göndərilib.