Bakı şəhəri ərazisində velosiped yolları inşa edilir. Bu haqda bu gün, 13 noyabr tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Hal-hazırda paytaxtın mərkəzi küçələrində və Dənizkənarı Milli Park ərazisində uzunluğu 7,5 kilometr, eni isə 1,5 metr olan velosiped yolu yaradılır.
Öncə yol quraşdırılma işləri yol insfrastrukturunun icazə verdiyi ərazilərdə icra olunacaq. Daha sonra digər ərazilərdə yeni velosiped infrastrukturunun tikintisinə başlanılacaq.
Cari il Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən 2 km velosiped yolu təşkil edilib.
Şəhərin Baş Planına əsasən, 2027-ci ilə qədər Bakıda 63,5 km uzunluğunda, 2040-ci ildə isə paytaxtda 251 km uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır.