Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində piyada zolağında sarı döyünən işıqların sayını açıqlayıb. Bu haqda 26 oktyabr tarixində Bakı Nəqliyyat Agentliyi xəbər verib.
Məlumata əsasən, bu günə qədər Bakı şəhərində piyada təhlükəsizliyində əsas rol oynayan 100-ə yaxın piyada zolağında sarı döyünən işıq quraşdırılıb. Azərbaycanda ilk dəfə Xətai rayonunun Sabit Orucov və Mehdi Mehdizadə küçələrində quraşdırılıb. Sarı döyünən işıq avtomobil sürücülərinə qaranlıq saatlarda eynisəviyyəli piyada keçidindən keçmək istəyən piyadanı görmək, yaxınlaşarkən sürəti azaltmaq imkanı verir.
Bu qurğu dünyada ilk dəfə 1934-cü ildə Londonda Lesli Hor-Belişa tərəfindən təqdim edilib. Elə buna görə də məhz onun adını daşıyır. İlk bu cür mayak Londonda Hayd-parkın cənub kənarında, Kensinqton-roud üzərində quraşdırılıb.