Rusiya hökuməti “Ulyanovsk – Bakı – Astara (İran)” birbaşa yük blok qatarının marşrutunu təsdiqləyib. Bu haqda Bakuplus.az Report-a istinadən xəbər verir.
Qubernator Aleksey Russkix bildirib ki, bu marşrut “Orta Volqa - Xəzər dənizi - Fars körfəzi” logistika layihəsinin qərb dəmir yolu dəhlizidir və aqrar-sənaye məhsulları, o cümlədən ağac emalı məhsullarının ixracı üçün nəzərdə tutulub.
Qatarın işə salınması Azərbaycan Baş Naziri Əli Əsədovla əldə olunan razılaşmalar və Rusiyanın Bakıdakı səfirliyi, Ticarət Nümayəndəliyi və Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə mümkün olub.
A.Russkix əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafını müzakirə ediblər. Dəhlizin dəmir yolu hissəsinin modernləşdirilməsi və yüklərin daşınma həcminin artırılması planlaşdırılır. Bu razılaşma “Orta Volqa - Xəzər dənizi - Fars körfəzi” marşrutunun inkişafı üçün böyük perspektivlər açır.