Xocalıda azərbaycanlılara soyqırımı törədən şəxsin məhkəməsi başlayıb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə Raşid Beqlaryan barəsində növbəti məhkəmə iclası keçirilib.
İstintaq zamanı məlum olub ki, Fransa Respublikasından Beqlaryanın hesablarına 2 milyon avroya yaxın pul köçürülüb. Özünün iddiasına görə, tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədilə ianə ediblər.
O, Xocalı soyqırımı barədə də danışıb:
"Əsgəranda anadan olmuşam. Müharibə vaxtı dostluq etdiyim Seqo Doluxanyan Xocalıda yaşayan azərbaycanlıların bu gün rayonu tərk edəcəklərini dedi. Gündüzə yaxın təxmini 150 nəfər azərbaycanlı göründü. Çoxu qadın, uşaq və qocalar idi. Qadın və uşaqlar yalvarırdılar ki, onlara atəş açmasınlar. Biz öldürülənlərə baxıb gülürdük. Təxmini 30 dəqiqə sonra onların çoxunu öldürə bildik, yalnız kiçik bir kütlə qaçdı. Əli silahlı ermənilər onların öldüklərinə əmin olandan sonra üzərlərini yoxlayıb, əşyalarını soyub geri qayıtdılar”, – deyə o danışıb.
Daha sonra xəstəlik yayılmasın deyə ermənilər ölən azərbaycanılıları Əsgəran qalasının yaxınlığında kütləvi məzarlıqda dəfn ediblər.