Binəqədi rayonu, Xocəsən qəsəbəsinin sakinləri küçələrindəki acınacaqlı vəziyyətdən şikayətçidirlər.
Bununla bağlı Oxu.az-a şikayət ünvanlayan sakinlərin sözlərinə görə, Xocəsən qəsəbəsinin Turaclı küçəsində vəziyyət o yerə çatıb ki, artıq darvazadan çölə çıxmaq mümkün deyil.
"Su bütün yolu yuyub aparıb. Vəziyyət o həddə çatıb ki, yolun altında qonşuların çəkdiyi kanalizasiya boruları üzə çıxıb. Hər yerə müraciət etmişik. Bütün qurumlar deyirlər ki, bizlik deyil. Rayon icra hakimiyyətindən isə nə baxan, nə də tədbir görən var", - deyə şikayətdə qeyd olunur.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən (İH) bildirilib ki, Xocəsən qəsəbəsində kanalizasiya sistemi mövcud deyil.
"Bildirmək istəyirik ki, Xocəsən qəsəbəsi, su-kanalizasiya problemlərinə köməklik göstərilməsi ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə icra hakimiyyəti tərəfindən müraciətlər edilib. Əlavə olaraq bildirmək istərdik ki, aidiyyəti qurum tərəfindən həmin ərazidə yeni xətlərin çəkilməsi məqsədilə layihələndirmə işlərinin yekunlaşıb və problemin aradan qaldırılması istiqamətində işlərin görüləcəyi barədə məlumat verilib. Asfalt örtüyün yenidən qurulması ilə bağlı bildiririk ki, sözügedən ünvanda qəsəbədaxili asfalt örtüyünün yenidənqurma və təmiri mərkəzləşdirilmiş qaydada dövlət proqramları çərçivəsində tərəfindən həyata keçirilir. Həmin ünvanda adıçəkilən problemin həlli ilə bağlı bildirmək istəyirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət edilib".