Azərbaycanda 2022/23-cü tədris ilində istifadəyə veriləcək yeni məktəbli formasının ilkin qiymətləri məlum olub. Bu haqda bu gün, 27 iyul tarixində AZTV reportaj hazırlayıb.
Məktəbli geyimlərinin rəngləri, materialları və modelləri siniflərə, bölgələrə və regionlara görə dəyişəcək.
Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayevanın sözlərinə görə, iki elementdən ibarət olan formanın qiyməti təxminən 30 manat, üç və dörd elementdən ibarət olan formaların qiyməti isə 55-65 manat arası olacaq.
Yeni formalar idman üslubuna yaxın rahat geyimlərdir. Şalvar və ətəklər tənzimlənə bilən formada hazırlanacaq, köynəklər isə üçdüyməlidir. Materialları 95 faiz pambıqdan, 5 faiz isə qırışmayan və tez ütülənə bilən parçalardan tikiləcək.
Lakin bu tədris ilində şagirdlər hazırda istifadədə olan məktəbli formasından istifadə edə bilərlər.