Baş Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət edib. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az məlumat verir.
“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Qurban bayramı münasibətilə hərəkət iştirakçılarını təbrik edir, bayram günlərinin xoş əhvali-ruhiyyə ilə keçməsi üçün onları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Bayramla əlaqədar qeyri-iş günləri şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.
Vətəndaşların mənzilbaşına sağ-salamat çatmaları, bayramı xoş əhvali-ruhiyyə ilə keçirmələri üçün Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı, sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir”, - müraciətdə deyilir.