Bakıda müəllim Amerikadan sifariş etdiyi kompüteri gətirmədiyi üçün “Mover” karqo şirkətini məhkəməyə verib. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
İddiaçı Z.Məmmədovun 424 manata sifariş etdiyi kompüter 6 ay ərzində ona təhvil verilməyib. O, məhkəməyə müraciət edərək şirkətdən dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.
Ərizədə qeyd olunub ki, 6 ay əvvəl sifariş edilən malın qiyməti hazırda 510 manatdır. Daşınma xidmətləri üçün əlavə 30 manat ödənilib. Məmmədov müəllimlik fəaliyyəti ilə əlaqədar kompüter sifariş etmiş, malların vaxtında çatdırılmaması onun işində ləngimələrə və axsamalara səbəb olmuşdur. Buna əsasən, o, mənəvi ziyana görə əlavə 100 manat tələb edib.
Məhkəmə araşdırması zamanı iddiaçının tələbləri qismən təmin edilib. Bir neçə dəfə daşıyıcı şirkətə müraciət etsə də, həmin şəxs hələ də sifarişi ala bilməyib
Qərara əsasən, “Mover”dən Məmmədova dəymiş ziyanın 424 manatı və 30 manat dövlət rüsumu tutularaq ödənilib.
Məhkəmənin qərarına görə, malın hazırkı qiyməti iddiaçının xeyrinə hesab edilə bilməz. Bundan başqa, onun mənəvi ziyanla bağlı iddiası əsassız hesab edilib.