Bakının bəzi rayonlarında suyun verilişində fasilələr sakinlərin narazılığına səbəb olur. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az APA TV-yə istinadən xəbər verir.
Belə ki, bir neçə il əvvəl bir çox binalarda çənləri sökərək bildirdilər ki, suyun verilişi daimi olacaq, ancaq indi içməli su fasilələrlə verilir, elə olur ki, günlərlə su tapılmır. Çən də olmadığından insanlar su tapa bilmirlər.
“Neçə gündür suyum gəlmir. Kombini doldura bilmirəm ki, çimim. Suyu fasilə ilə verirdilərsə, çənləri sökməzdilər. Susuz əziyyət çəkirik”, - deyə sakinlər bildirirlər.
“Azərsu”dan məsələ ilə bağlı bildirilib ki, hazırda Bakı və Bakıətrafı ərazilərdə su qənaətli rejimə keçirilib. Azərbaycanda tezliklə su qıtlığının aradan qalxacağı gözlənilmir. Bu səbəbdən də anbar ehtiyatları artırılır.