Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində piyadalar üçün səki salınmayıb. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az ARB Media-ya istinadən xəbər verir.
Söhbət Məlik Aslanov küçəsindən gedir. Burada yaşayan sakinlər səki yoxdur deyə avtomobil yolu ilə hərəkət etməyə məcbur olurlar. Bu da onların həyatları üçün ciddi təhlükə yaradır.
Sakinlərin sözlərinə görə, bir neçə dəfə olub ki, sürücülər hərəkətdə olan zaman yolda gedən vətəndaşın ayağının üzərindən keçiblər.
“Bir hissəsində maşın dayanıb, digər yerdə sudur, başqa yerdə zibil qutuları qoyulub. Nə bordür var, nə də səki”, – deyə sakinlər şikayət edirlər.
Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ünvanda yolların əsaslı təmir edilməsi nəzərdə tutulub və artıq müvafiq orqanlara müraciət olunub.