Bakı Dənizkənarı bulvarında vandalizmə məruz qalan kaktusların bərpası nəzərdə tutulub. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az məlumat verir.
“Əziz dostlar! Hamınız bakılı olaraq Dənizkənarı bulvardakı kaktus bağı ilə tanışsınız. Biz onun yenidən qurulmasına başlayırıq. Kolleksiyanı çoxaltmaq istərdik, ona görə də kiminsə iri kaktus və ya digər maraqlı sukkulent nümunələri varsa, biz onları nəzərdən keçirməkdən və sizdən almaqdan məmnun olarıq. Bitkilərinizin şəkillərini bizə göndərin. Xeyriyyəçiliyinizə şad olarıq. Hörmətlə, baş aqronom”, - bunu Bakı Dənizkənarı bulvarının landşaft dizayneri Zeytuna Onur Facebook-da yazıb.
Dənizkənarı bulvarın mətbuat xidməti də məlumatı təsdiq edib. Həmçinin məlum olub ki, nadir kaktusların bitdiyi ərazinin ətrafına hasar çəkiləcək. Bundan sonra kaktuslara çatmaq fiziki cəhətdən mümkün olmayacaq.