“Elmlər Akademiyası” metro stansiyasında yaranan sıxlıq paytaxt sakinlərini narazı salıb. Bu haqda Oxu.az bu gün, 17 dekabr tarixində məlumat verib.
Stansiyanın ikinci çıxışında 6 giriş qapısından yalnız biri açıq olduğuna görə uzun növbələr yaranır, bu səbəbdən də sərnişinlər növbə prinsipinə əməl edə bilmirlər. Metro stansiyasının girişində sərnişinlər ən azı 20 dəqiqə vaxt itirirlər.
Sərnişinlər metro işçilərinə və polis əməkdaşlarına şikayət etsələr də, bu nəticə verməyib.
“Bakı Metropoliteni” QSC-nin rəsmisi Bəxtiyar Məmmədov bildirib ki, “Elmlər Akademiyası” metro stansiyasının ikinci çıxışında yaranan sıxlıq universitetlərdə dərslərin başa çatması ilə bağlıdır. Pandemiya dövründə sərnişinlərin ardıcıl şəkildə yoxlanılaraq, stansiyaya daxil olması təmin edilir. Bu proses hər gün eyni qaydada aparılır. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir”, - Məmmədov bildirib.