Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasının qarşısında siqaret çəkən şəxslər polis bölməsinə aparılıblar. Müvafiq kadrlar sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Verilən məlumata görə, metronun çıxışında olan polis əməkdaşları ərazidə siqaret çəkən şəxsləri 31 manat məbləğində cərimələyirlər, cəriməni ödəməyən şəxslər isə yaxınlıqdakı polis bölməsinə aparılırlar.
“Siqaret və tütün məmulatlarının istifadəsi ilə bağlı qanunvericilikdə xüsusi norma var. Bu məsələ də həmin qanunvericiliklə tənzimlənir. Digər şəxslərin həyat və sağlamlığına zərər verməməsi üçün tütün məmulatlarından yalnız zibil qutularının yaxınlığında istifadə olunmalıdır. Bu məsələ ilə bağlı polis əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirmə işi aparılır.
Tövsiyə edilir ki, vətəndaşlarımızın da maarifləndirmə prosesində aktivliyi hər zaman müşahidə olunsun və onlar tütün məmulatlarından istifadə ilə bağlı normalara əməl etsinlər.
Əks halda, qanunvericiliyin tələbləri pozularaq qapalı yerlərdə bu hal aşkarlanarsa, İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, tədbir görülür, inzibati xəta haqqında protokol tərtib olunur”, – Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilir.