Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün, mayın 31-də keçirilən plenar iclasında “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanun layihəsi ilə bağlı çıxış edib. Çıxış zamanı deputat evsiz itlərdən və ağcaqanadlardan öz narazılığını bildirib. Bu haqda Report məlumat verib.
“Əvvəl, sovet dönəmində tez-tez dezinfeksiya tədbirləri görürdülər, ancaq indi belə deyil. Nəinki regionlarda, hətta Bakıda, yaşadığım ərazidə ağcaqanad əlindən dayanmaq olmur”, - Tahir Kərimli çıxışında deyib.
“Nə gecəmiz, nə də gündüzümüz var. Əvvəl gün batandan sonra çıxardılar. İndi o qədər çoxalıblar ki, gündüz vaxtı da camaata zülm edirlər. Bu, əhalinin sağlamlığına ciddi ziyandır. Bundan başqa, hər yer sahibsiz küçə itləri ilə doludur. İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”, - deyə o əlavə edib.