Xalça Muzeyində növbəti mühazirə baş tutacaq. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Milli Xalça Muzeyinə istinadən xəbər verir.
Mühazirə “I Xosrov Ənuşirəvanın gümüş dirhəmləri və onların Azərbaycan tarixində rolu” mövzusunda baş tutacaq. Mühazirə Azərbaycan Filateliya İttifaqı nəzdində “Filateliya və numizmatika” klubunun üzvü, kolleksiyaçı, numizmat Rüstəm Hüseynov tərəfindən təqdim olunacaq.
Mühazirə çərçivsəsində Sasani dövlətində gümüş sikkə standartı, I Xosrov Ənuşirəvan dövrünə aid sikkə nümunələri, Cənubi Qafqaz və ona bitişik ərazilərdə zərbxanalar, onların Sasanilərin maliyyə sistemində rolu barədə, eləcə də ticarətin mərkəzi kimi Bakının Sasanilər dövlətinin şimal bölgələrinin iqtisadiyyatında rolu, I Xosrov Ənuşirəvanın vəfatından sonra sikkələrin dövriyyəsi və s. haqqında ətraflı məlumat veriləcək.
Tədbir 13 may saat 16:00-17:00 arası keçiriləcək. Öncədən qeydiyyatdan keçmək vacibdir. Mühazirə rus dilində olacaq.