Paytaxt yollarında hələ də dövlət nömrələri olmayan mopedlərə rast gəlmək mümkündür. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı moped sürücülərinə növbəti dəfə xəbərdarlıq edib. Bildirilib ki, bu nəqliyyat vasitələrinin qeydiyyatı prosesi gecikdirilmədən həyata keçirilməlidir. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
İdarənin baş inspektoru Araz Əsgərlinin verdiyi məlumata görə, mopedlərin dövlət qeydiyyatına alınmasının və sürücülük vəsiqəsi olmadan idarə olunmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdiriləcək.
Sürücülük vəsiqələri ilə bağlı yeni qaydaların qüvvəyə minməsi moped sürücülərinin sayına təsir edib. Paytaxt yollarında belə sürücülərin kifayət qədər azaldığı müşahidə olunur. Bunu moped sürücüləri özləri də təsdiqləyirlər.
Yeni qaydaların tətbiqinin əsas səbəblərindən biri, xüsusilə motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən yol qəzalarında neqativ halların aradan qaldırılmasıdır.