YARAT Müasir İncəsənət Məkanı “ART-debat” adlı yeni layihəyə start verir. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az məlumat verir.
“ART-debat” - ekspertlər tərəfindən incəsənət gündəminin düşündürücü suallarını müzakirəyə çıxaran və hərtərəfli təhlil edən diskurs layihəsidir.
İlk görüşün mövzusu "İncəsənətdə kommersiya: İncəsənət dəyəri və ya dəyərli incəsənət?" olacaq. Debat Azərbaycanın incəsənət bazarında mövcud olan tendensiyaların rəssamların formalaşmasına necə təsir göstərməsini və s. mövzuları əhatə edəcək.
Debatın moderatoru sənətşünas, "Contemporary Baku" şirkətinin təsisçisi və direktoru Qalib Qasımovdur.
Debatçılar: Əsmər Abdullayeva (sənətkarlıq üzrə beynəlxalq dərəcəli ekspert, art-tənqidçi və "Asmart Creative Hub" yaradıcılıq mərkəzinin təsisçisi) və Rafael Gülməmmədlidir (Bakı İncəsənət Mərkəzinin baş direktoru, rəssam və incəsənət tədqiqatçısı).
İlk görüş 28 fevral, saat 19:00-da YARAT Mərkəzində Azərbaycan dilində baş tutacaq.
Görüşdə 16 yaşdan yuxarı olan hər kəs iştirak edə bilər. Yerlərin sayı məhdud olduğu üçün qeydiyyat mütləqdir. Qeydiyyat üçün: shorturl.at/AIJPT.
COVID-19 pasportunun olması zəruridir. Əlavə məlumat üçün: 050 246 92 92.