Ötən gün sosial şəbəkələrdə ucuz məktəbli forması reklamları yayılmağa başlayıb. Belə ki, alıcılara məktəbli polo köynəyini 2,5 manata (topdansatış qiymət olduğu qeyd olunur) almaq təklif olunur. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
Təklif olunan məhsulların belə ucuz olması vətəndaşlar arasında ciddi müzakirələrə səbəb olub.
“Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov açıqlamasında qeyd edib ki, hər bir məhsulun maya dəyəri var.
“Məktəbli köynəyinin də öz maya dəyəri var. Maraqlıdır ki, bu köynəyin maya dəyəri neçəyə çıxır ki, onu 2 manat 50 qəpiyə satırlar?! Bu işbazların oyunudur. İnsanların heysiyyəti ilə oynayırlar.
Bu qiymətə təklif edilən köynəyin keyfiyyəti barədə danışmaq yersizdir. Bu cür ucuz məhsullar keyfiyyətsiz olması ilə yanaşı, həm də insan orqanizmi üçün çox ciddi təhlükə mənbəyidir”, – deyə Əzimov bildirib.
“Azərbaycan Azad İstehlakçılar Cəmiyyəti”nin sədri Eyyub Hüseynov da hesab edir ki, məktəbli pololarının belə ucuz qiymətə satılması ciddi narahatlıq yaradır. Onun sözlərinə görə, belə hallar mövcud fabriklər bütün ölkə üzrə formaya olan tələbatı ödəyə bilmidiyinə görə yaranır. Cəmi iki fabrik 1,5 milyon şagirdin formasını tikməyə kifayət etmir.