Fiziki qüsurlu şəxslərin və yaxud uşaq arabalarından istifadə edənlərin yolu rahat keçməsi üçün istifadə olunan panduslara paytaxtda çox az rast gəlinir. Rast gəlindikdə isə bəzən həmin pandusların standartlara uyğun gəlmədiyi məlum olur. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Azərtac-a istinadən məlumat verir.
Ekspertlər deyirlər ki, hazırda Bakıda yeni pandusların quraşdırılmasına çox ciddi ehtiyac var.
“Yeni məhəllələr salınır, yeni binalar, yaşayış və qeyri-yaşayış obyektləri tikilir. Buna görə də bu pandus kampaniyası davam etməlidir. Bəzi yaşayış obyektlərini, qeyri-yaşayış obyektlərini layihələşdirənlər pandus məsələsini diqqətdən kənarda saxlayırlar. Bakı şəhərində də biz görürük ki, artıq piyadalarla yanaşı, əlilliyi olan şəxslərin də əlil arabasının hərəkəti məhdudlaşdırılıb”, - deyə nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Həmçinin panduslar quraşdırılan zaman müəyyən standartlara əməl olunmalıdır.
“Təxminən 20 sm məsafədədir. Pillənin hündürlüyü 20 sm məsafədədirsə, onun yanında çəkilən pandusun uzunluğu heç olmasa 2 metr olmalıdır”, - Cəfərov əlavə edib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, paytaxtda 2017-ci ildən pandusların quraşdırılmasına başlanılıb və işlər davamlı olaraq aparılır. Şəhərimizdə indiyə qədər 2500-ə yaxın pandus quraşdırılıb.