Bakıdakı 49 saylı “İntellekt” məktəb-liseyinin ingilis dili müəllimi Könül Həsənovanın şagirdlərdən müalicə üçün pul tələb edən çıxışının audioyazısının yayılması ilə bağlı araşdırma yekunlaşıb. Bu haqda bu gün, 22 fevral tarixində APA məlumat verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən müvafiq araşdırma zamanı valideynlərdən vəsait tələb olunması faktı öz təsdiqini tapıb. Məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlərin görüləcəyi bildirilib.
Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.
Müəllimlərlə bağlı da qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək.