Müğənni Manaf Ağayevin övladı Müşviq Ağayev retro avtomobilini idarə edərkən Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Olay.az-a istinadən məlumat verir.
Sərxoş vəziyyətdə avtomobili idarə edən sürücü yol polisi əməkdaşlarına müqavimət göstərib. Hadisə yerinə post patrul xidməti cəlb olunub, Ağayev polis bölməsinə aparılıb. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.
Məsələ ilə bağlı Manaf Ağayev də öz münasibətini bildirib. Onun sözlərinə görə, oğlu polisə müqavimət göstərməyib. “İçkili olub, o da cərimələnib. Bundan artıq nə deyim? Heç bir müqavimət yoxdur. Müqavimət olanda 1 aylıq cəza verirlər, 5 gün yox. Söyüş söyüb. O, buna deyib, bu da cavab qaytarıb. Oğlumla danışa bilməmişəm. Həbsdədir”, - deyə Ağayev qeyd edib.