Paytaxtın Sabunçu rayonu, Albalılıq yaşayış massivində nəzarətsiz satış həyata keçirilib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Sakinlərdən biri küçədə masa qoyub və üstünə məhsul və pul qutusunu yerləşdirib. Qəsəbə sakinləri qeyd edilən qiymətə yumurtanı götürərək ödənişi qutunun içərisinə atıblar.
“Belə qərara gəldik ki, təsərrüfatımızda istifadə etdiyimiz yumurtaların satışını küçədə heç kimin nəzarəti olmadan həyata keçirək. Çoxları buna ironiya ilə yanaşdı. Ancaq biz heç də yanılmadıq. Doğrudan da bizim millətimiz çox dürüst və bütün xalqlardan vicdanlıdır. Özünəxidmət formasında keçirilən satış tam özünü doğrultdu. Qutuda 84 manat 80 qəpik əvəzinə 85 manat pul var idi. Satışımız bu formada da davam edəcək. Bir sözlə, eşq olsun Azərbaycan xalqına”, - deyə təşkilatçı sosial şəbəkədə paylaşım edib.