IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının birgə təşəbbüsü ilə mərkəzin sığınacağından bəzi heyvanlar hər ayın son şənbə günü Bakı Zooparkında sərgilənəcək. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az Zooloji Parkın mətbuat xidmətinə istinadən məlumat verir.
İlk Himayə Guşəsi 29 iyul saat 10:00-dan 14:00-a kimi baş tutacaq.
Bu müddət ərzində qonaqlar sərgilənən it və pişiklərlə vaxt keçirə, ev heyvanlarına qulluq haqqında təlimat və məsləhətlər ala, ən əsası isə əsl dost qazana bilərlər.
Ev heyvanına sahiblənmək üçün vətədanşlar şəxsiyyət vəsiqəsini təqdim etməli, qısa müsahibədən keçməli və öhdəlik imzalamalıdırlar. 18 yaşdan aşağı olan şəxslər valideynləri ilə gəlməlidirlər. Heyvanları himayəyə götürmək pulsuzdur.