Bakıda onunla yüksək tonda danışdığına görə arvadını danlayan və butulka ilə döyən kişiyə hökm oxunub. Bu haqda bu gün, 12 aprel tarixində Oxu.az-a istinadən Bakuplus.az məlumat verir.
Hadisə paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki fərdi yaşayış evlərinin birində baş verib.
İlqar (şərti ad) ailədaxili münaqişə zəminində arvadı Xatirənin (şərti ad) çiyninə butulka ilə vurub. Nəticədə qadın sol qolunda geniş dərialtı hematomalı xəsarət alıb və bu onun ümumi səhhətinin qısa müddətə pisləşməsinə səbəb olub.
Prosesdə İlqar “Qəsdən sağlamlığa az ağır zərər vurma” maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, həyat yoldaşı ilə barışdığını bildirib və icraata xitam verilməsini istəyib. Öz növbəsində Xatirə ərini bağışladığını və onunla barışdığını bildirib.
Məhkəmənin qərarı ilə İlqar yuxarıda göstərilən maddə ilə cinayət məsuliyyətindən azad edilib, barəsində cinayət təqibinə xitam verilib.