Cari il mayın 29-dan iyunun 4-dək Bakıda keçirilməsi planlaşdırılan taekvondo üzrə dünya çempionatı “Baku Crystal Hall”da keçiriləcək. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Azərbaycan Taekvondo Federasiyasına istinadən məlumat verir.
Dünya Taekvondo Federasiyasının baş katibi Cankan Sio Bakıda işgüzar səfəri çərçivəsində dünya çempionatına hazırlıq işləri ilə tanış olub, Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi ilə müzakirələr aparıb.
Baş katibin gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Nağı Səfərovla görüşlərində Bakıda ilk dəfə təşkil olunan çempionata hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Çempionat çərçivəsində Bakıda Dünya Taekvondo Federasiyasının yaradılmasının 50 illiyi qeyd olunacaq. Dünya çempionatında 3000-ə yaxın qonağın iştirakı gözlənilir.