Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutulub. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Mingəçevir şəhər sakini Ramil Salmanov öncə taksi sifariş edir, daha sonra özünü polis əməkdaşı kimi təqdim edərək sürücülərlə əlaqə saxlayıb onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin elektron pul kisəsinə internet balansının artırılması üçün pul köçürülməsini xahiş edib. Mənzilbaşına çatdıqdan sonra isə sürücülər sifarişçi ilə əlaqə saxlaya bilməyiblər.
Bundan əlavə, R.Salmanov əmlak alqı-satqısı saytlarında saxta maşın elanları yerləşdirərək vətəndaşlardan öncədən beh alaraq yoxa çıxırdı.
Bu yollarla şübhəli şəxs 40-a yaxın şəxsi aldatdığını qeyd edib.
Ramil Salmanovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.