Bakı-Sumqayıt şosesində yerləşən “EuroHome” ticarət mərkəzində mağaza sahibini qətlə yetirməkdə təqsirli bilinən qardaşlar - Rafael və Vüsal Yusubovların məhkəmə prosesi yekunlaşıb. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilib. Hökmə əsasən, Rafael Yusubov 18 il, Vüsal Yusubov isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hadisə 2022-ci ilin iyul ayında baş verib. “EuroHome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan dükan sahibi, 39 yaşlı Şəmiddin Quliyev naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. O, boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq öldürülüb. Qətli törətməkdə şübhəli bilinən Rafael və Vüsal Yusubov qardaşları bir gün sonra saxlanılıblar.