Bakıda 16 yaşlı qonşusunu qisas məqsədilə öldürməkdə təqsirləndirilən Babək Quliyevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Proses hakim Novruz Kərimovun sədrliyi ilə aparılacaq.
Hadisə ötən ilin sentyabr ayında baş verib. 16 yaşlı Hüseynağa Şeydabəyovun valideynləri oğullarının itməsi ilə bağlı polisə müraciət ediblər. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub, cinayət işi açılıb. İstintaq zamanı yeniyetmənin qonşusu, 55 yaşlı Babək Quliyevin Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, sonra isə iplə boğaraq öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib. Quliyev şübhəli şəxs qismində tutularaq, barəsində həbs qətimkan tədbiri seçilib.
O, “Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə” maddəsi ilə yekun ittiham verilib. O, verilmiş ittihamla təqsirli bilinsə, 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum edilə bilər.