Bu gün səhər saatlarında Abşeron dairəvi dəmir yolunda hərəkət edən qatarların hərəkət cədvəlində gecikmələr olub. Bu haqda bu gün, 17 noyabr tarixində Azərbaycan Dəmir Yollarının (ADY) mətbuat xidməti məlumat verib.
Səhər saatlarında sərnişin qatarları Sabunçu stansiyası istiqamətində hərəkət edən zaman kənar şəxslər idarəetmə tablosunu qidalandıran elektrik kabelinə toxunublar. Nəticədə xətdə qısaqapanma baş verib, qatarların hərəkət cədvəlində qismən gecikmələr yaranıb. Çətinlik tezliklə aradan qaldırılıb və qatarların hərəkət cədvəli bərpa edilib.
Bundan başqa, Güzdək istiqamətində baş vermiş texniki nasazlıq səbəbindən Sumqayıt-Xırdalan-Bakı xətti ilə hərəkət edən qatarların hərəkət cədvəlində qismən gecikmələr yaranıb. Texniki nasazlıq qısa müddətdə aradan qaldırılıb və qrafikə uyğun olaraq qatarların hərəkəti bərpa edilib.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.