Bu gün səhər saatlarında Binəqədi rayonu, "Baksol" yolunda fərdi su xəttində baş verən qəza ilə bağlı məlumat yerli sukanal idarəsinə daxil olan kimi qəza briqadası əraziyə göndərilərək baxış keçirilib.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
Baxış zamanı axıntının qarşısı müvəqqəti üsulla alınıb. Əsaslı bərpa işlərinin aparılması üçün qəza briqadası əraziyə qayıdana qədər məlum olub ki, naməlum şəxs və ya şəxslər tərəfindən borunun qəzalı hissəsinə müdaxilə edilib və boruda yenidən axıntı halı qeydə alınıb.
Hazırda sukanal idarəsinin əməkdaşları qəza yerindədirlər. Xəttin təmiri istiqamətində işlər aparılır.