Sabunçu rayonunda qanunsuz tikinti aşkarlanıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 28 aprel tarixində xəbər verir.
Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən yaşayış kompleksində qanunazidd tikinti-quraşdırma işləri aparılan obyektə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.
Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmadan 7 nömrəli 20 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış obyektinin genişləndirilməsinin qarşısı alınıb.
Araşdırma nəticəsində tikinti-quraşdırma işlərinin yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən avtodayanacaq sahəsinin havalandırılması üçün nəzərdə tutulan şaxtanın üzərində aparıldığı müəyyən edilib.
Binaya bitişik qeyri-qanuni tikilinin sökülməsi təmin edilib və yeraltı avtodayanacaq sahəsinin havalandırma şaxtasının fəaliyyəti bərpa olunub.