Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılmağa başlanıb. Müasir standartlara cavab verən və ekoloji təmiz materiallardan hazırlanan bu nişanlar həm davamlı, həm də ətraf mühitə zərərsizdir.
Bakuplus.az AYNA-ya istinadən xəbər verir ki, yeni nişanların xüsusiyyətləri arasında korroziyaya davamlılıq və uzunmüddətli dayanıqlılıq da mövcuddur. Bundan əlavə, nişanlar hərəkət iştirakçıları üçün yüksək işıqqaytarıcılıq və görünürlük təmin edir. Əvvəlki nişanlarla müqayisədə, daha kompakt ölçüləri ilə bu yenilik şəhərdə görüntü kirliliyinin azaldılmasına da kömək edəcək.
