Bakıda fəaliyyət göstərən oteldə nöqsanlar aşkar olunub. Bu barədə 6 oktyabr tarixində FHN-nin rəsmi Youtube kanalında paylaşılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakının bir sıra otellərində yoxlanışlar keçirib. Xətai rayonu ərazisində fəaliyyət göstərən mexmanxananın birində çoxlu nöqsanlar aşkar edilib.
Müəyyən olunub ki, yanğın təhlükəsizliyi norma və qaydaları pozulub:
- obyektdə quraşdırılan avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun tələb olunan səviyyədə fəaliyyət göstərməsi təmin olunmayıb;
- taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulması həyata keçirilməyib;
- təxliyə qapılarının qaydalara uyğun işlək vəziyyəti təmin olunmayıb;
- təxliyə yolları hərəkətə maneə törədən əşyalarla tutulub və işıqlandırılan istiqamətverici nişanların qaydalara uyğun quraşdırılması təmin edilməyib;
- yanğın zamanı insanların təhlükəsiz şəraitdə təxliyəsi üçün obyektin bayır hissəsində mövcud təxliyə pilləkəni yanğına qarşı norma və qaydaların tələblərinə uyğun quraşdırılmayıb;
- elektrik naqilləri “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”na uyğun quraşdırılmayıb, elektrik sisteminə profilaktik baxış keçirilərək yanğına qarşı vəziyyəti dəyərləndirilməyib;
- mətbəxdə quraşdırılan sorucu çətir və borular yanğın əmələ gətirə biləcək yağ qalıqlarından təmizlənməyib;
- mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;
- mətbəxə daxil olan qaz xətti daxili divarların üzəri ilə, yivli birləşmələrdən istifadə edilməklə çəkilib və s.
Bunları nəzərə alaraq, həmən otelin fəaliyyəti dayandırılıb.