Azərbaycanda onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunub.
Bu təkliflə ombudsman Səbinə Əliyeva Milli Məclisin komitələrinin birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edib.
O, onkoloji xəstələrin müasir müalicə metodları və effektiv dərmanlarla təminatının yaxşılaşdırılmasını, əlilliyi olan şəxslər üçün reabilitasiya avadanlıqları və köməkçi vasitələrin alınmasına ayrılan vəsaitin artırılmasını təklif edib.
Bununla yanaşı, regionlarda tibbi və sosial xidmətlərin genişləndirilməsi, hemofiliya xəstələrinin dərman təminatının gücləndirilməsi, yaşlı vətəndaşlara evdə sosial xidmətlərin artırılması və inklüziv təhsilin inkişafı ilə bağlı maliyyə dəstəyinin yüksəldilməsi də təkliflər arasında yer alıb.
Ombudsman həmçinin uşaqların kibertəhlükələrdən qorunması, rəqəmsal bacarıqların inkişafı, ucqar ərazilərdə sərnişindaşımanın dəstəklənməsi və təbii fəlakətlər zamanı həssas qrupların ehtiyaclarının nəzərə alınması üçün büdcə vəsaitlərinin artırılmasını təklif edib.
Mənbə: report.az