Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarından ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fələstinin Ramallah və Əl-Bireh əyalətində dabaq, Fransanın Korsika regionunda, Almaniyanın Berlin şəhərində blutanq, Əlcəzairin Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa, Skikda əyalətlərində nodulyar dermatit, ABŞ-nin İllinoys ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bəs görəsən, bu bizim iqtisadiyyatımıza necə təsir edəcək? İdxal prosesini zəiflədə bilərmi? Qiymətlər artacaqmı? Bu ünvanların əvəzinə başqa idxal ölkələri axtarılması mümkündürmü?
Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı-ekspert Emin Qəriblinin sözlərinə görə, Azərbaycan əsasən ət məhsullarını Türkiyə və digər ölkələrdən alır:

“Ümumiyyətlə bugünkü dövrdə dünya bazarında geniş imkanlar var. Xüsusən də ət məhsullarından söhbət gedir. İdxal təklifi edən ölkələr yetərincə çoxdur. Dünya iqtisadiyyatında baş verənlərə diqqət yetirsək, bunu aydın görərik. Bir çox ölkələr var ki, - məsələn, Polşa, - ət ixrazatçısıdır”.
“Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarından ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulması qiymət artımına gətirib çıxarmayacaq. İnflyasiya artımı da aşağıdır. Narahatçılığa səbəb yoxdur. Yaxşı ki, bizim Qida Təhlükəsizliyi Agentliyi vaxtında araşdırma aparır, operativ reaksiya verir. Təqdirəlayiq addımdır”, - deyə E.Qəribli fikrini tamamlayıb.
Nəzrin Vahid