Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki “Biləcəri Şəhidlər xiyabanı” kimi tanınan ümumi qəbiristanlıqda qəbrin hasarı sökülərək içəri çəkilib. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Şikayətçi Nurlan Maqsudov bildirib ki, əmisinin həyat yoldaşı 2005-ci ildə orada dəfn olunub. Məzarın ətrafını 30-40 santimetr hündürlükdə hasara alıblar. Bir neçə gün əvvəl isə həmin hasar sökülərək içəri çəkilib. Aparılan işlər yarımçıq qalıb, ərazidə hasarın hissələri və tikinti tullantıları səpələnib. Vətəndaşın sözlərinə görə, bu işi görən şəxslərin məqsədi əlavə olaraq 3-4 qəbir yeri düzəltmək olub.
Biləcəri qəsəbə Bələdiyyəsinin sədri Etibar Cabbarov bildirib ki, qəbir ətrafında olan hasara müdaxilədən xəbərsizdir. O, həmçinin qeyd edib ki, əgər vətəndaşın dediyi kimi müdaxilə edilibsə, qəbrin ətrafındakı hasar yenidən bərpa ediləcək.