Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında, Biləcəri dairəsi adlanan ərazidə avtobusların hərəkəti intensiv olsa da, burada dayanacaq pavilyonu mövcud deyil. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Ölkə.az-a istinadən məlumat verir.
İstər isti, istər küləkli, istərsə də soyuq havada ictimai nəqliyyatı gözləyən şəhər sakinləri burada dincəlməyə yer tapmırlar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ərazidə müvafiq işlər görüləcək.
“Qeyd olunan ünvanda avtobuslar üçün cib tipli dayanacaq məntəqəsinin mövcud olmasına baxmayaraq, həmin ərazi taksilər tərəfindən zəbt edilib. Bu səbəbdən də müntəzəm marşrut xətti üzrə avtobuslar dayanacaq məntəqəsinə daxil olmaqda çətinlik çəkirlər. Məsələ tərəfimizdən nəzarətə götürülüb və problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək”, - deyə qurumdan bildirilib.