top
Çəkilin, “beta” gəlir!
07 yanvar 2025, 05:27
- ↺ +

Çəkilin, “beta” gəlir!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1 yanvar 2025-ci ildən etibarən dünyaya gələn yeni uşaqlar “beta” nəslinin nümayəndələri hesab olunacaqlar. Onlar 2010-2024-cü illərdə doğulan “alfa” nəslini əvəzləyirlər. Düz 2039-cü ilədək dünyaya göz açacaq yeni nəslin nümayəndələri “beta”nın təmsilçiləri olacaqlar. Ekspertlərə görə, onlar da “alfa” nəsli kimi süni intellektlə əlaqədə böyüyəcəklər. Ancaq bu nəsil robot və nanotexnologiya ilə həddindən artıq sıx ünsiyyətdə olacaq…

“Baby boomer”lərdən “Z”lərədək


Ötən əsrin ikinci yarısında gündəmə amerikalılar tərəfindən yayılmış “baby boomer” deyilən bir ifadə gəldi. Bu ifadə 1940-50-ci illərdə doğulmuş nəsil üçün nəzərdə tutulmuşdu. Hazırda bu nəsildən sağ qalanlar 80-90 yaşdadırlar. İkinci Dünya müharibəsi və onun fəsadları şəraitində dünyaya gəlmiş və tərbiyə olunmuşdular. Təbii ki, həyata baxışlarında müharibə amili rol oynamaya bilməzdi. Texnologiyadan uzaq bir dövrdə yetişən bu nəsil hər şeyi özü etməyə alışmışdı, çalışqan, qayğıkeş idi. Özləri, ailələri ilə yanaşı, valideynlərinə də baxırdılar. Valideynlərin çoxu buna ehtiyac da duyurdu: dünya müharibədən qurtulmuşdu.

1960-70-ci illərdə dünyaya gələnlərə “X-nəsil” deyilir. Hazırda 60-70 yaşları var. Olduqca intizamlıdırlar, işlərində səbrlidirlər, karyera iyerarxiyasına inanırlar, işləməyi sevirlər, adətən bir iş yerləri olur. Əksər texnoloji ixtiralar – paltaryuyan və tozsoran maşınlardan tutmuş mobil telefonlar və kompüterlərə qədər hər yeniliklə tanışdırlar. Ancaq bu texnoloji kəşflərdən övladları qədər yararlana bilmirlər. Onlardan geri qalırlar.

80-90-cı illərdə doğulanlara isə “Y-nəsil” deyilir. “İqriklər” tarixin ən rəngarəng nümayəndələri hesab olunurlar. Siyasi tarixin keçid dövrünün yetirmələridirlər. Fərdi azadlıq aşiqidirlər, ailələrini şübhəsiz ki, sevirlər. Ancaq müstəqillikdən xoşları gəlir. Gözəl yaşamaq üçün çalışırlar. Bu səbəbdən idarə edən olmaq, şəxsi işləri və bizneslərini qurmaq üçün “dəridən-qabıqdan” çıxırlar, tez-tez iş dəyişirlər, çünki ən yaxşısının axtarışındadırlar. Sosial medianın açdığı imkanlardan maksimum istifadə edirlər. Zamandan bacarıqla yararlanırlar, eyni gündə həm işləyə bilərlər, həm əylənə.

1995-2010-cu illərdə doğulanlara isə “Z-nəsil” deyilir. Bu gün ən böyüyünün 30 yaşı var. İnternet erasındaboya-başa çatıblar. Bu səbəbdən öncəki nəslin sevdiyi oyuncaqlar onlar üçün primitivdir.

“Alfa” gedir, “beta” gəlir

Dünyaya gələn yeni “beta” nəslinin nümayəndələri XXII əsrədək yaşayıb, növbəti yüzilliyi görəcəklər. Onlar 2010-2024-cü illərdə doğulan “alfa”ları əvəzləyəcəklər. Demoqraf və futuroloq Mark MakKrindl artıq indidən öz bloqunda yazıb ki, “yeni nəslin nümayəndələri dərin sosial problemlərin məngənəsində olan bir dünyada yaşayacaqlar”. Onun fikrincə, “iqlim dəyişikliyi, əhalinin qlobal yerdəyişməsi və sürətli urbanizasiyanı nəzərə alsaq, dayanıqlı inkişaf bu nəslin nümayəndələri üçün tək seçim deyil, həm də gözlənti olacaq”. Seçimdən söz düşmüşkən, “beta” nəslinin nümayəndələri bu gün haqqında çox danışdığımız və nə gizlədək, – həm də şikayət etdiyimiz “Z”lərin seçiciləri olacaqlar. Yəni “zet” nəslinin nümayəndələrinin dövlət idarəçiliyi və ya seçkili orqanlarda təmsilçiliyinə “beta”lar da razılıq verəcəklər.

“Z-iqtisadiyyat: Z nəsli biznesin gələcəyini necə dəyişəcək” adlı kitabın müəllifi Ceyson Dörsi hesab edir ki, “beta” nəslinin dünyaya baxışı “alfa”lardan fərqli olacaq, hərçənd onların hər ikisini süni intellektə aludəçilik birləşdirir: “Əvvəla, onlar postpandemik dünyada doğulacaqlar. Onlar məktəblərin bağlanması, sosial təcridin nə olduğunu bilmirlər. Halbuki böyük bacı və qardaşları pandemiyanı yaşayıblar”. Dörsi hesab edir ki, əgər “alfalar” üçün pandemiya var idisə, “beta”lar üçün ən ciddi çağırış iqlim dəyişikliyi və onun fəsadları olacaq: “Onlar bu problemin həlli məsuliyyətinin “boomer”lərdən “Y” və “Z”lərə necə keçdiyinin şahidi olacaqlar”.

Şəbəkə görmüş valideynlər

Bu nəslin nümayəndələrinin sosial şəbəkələrin dominantlığında böyüyəcəkləri aydındır. Ancaq onların reallığı fərqli olacaq. Məsələ bundadır ki, “betalar”ın əksəriyyətinin valideynləri “Z”lər olacaq. Sosial şəbəkə və şəbəkə oyunlarının ziyanlarını “zetlər”dən yaxşı kim bilər? Biz onları indiyədək nəyə görə tənqid edirik? Bəli, bütün günü smatrfonların və kompüterlərin qarşısında həyat sürmələrinə görə. “Z”lər yaşa dolduqca bu həyat tərzinin mənfi fəsadlarını anlayırlar. Təbii ki, övladlarını bundan çəkindirməyə çalışacaqlar. Ancaq necə? Bunu zaman göstərəcək.

MakKrindla görə, “alfalar”ın bütün günü internetdə itib-batmaları stereotipdir. Əslinə qalsa, “alfa” kimi “Z” də sosial şəbəkələrdə “böyüyüb”. Sadəcə fərq ondadır ki, “zetlər” “iqriklər” və onlardan əvvəlkilərin övladlarıdırlarsa, “betalar”ın valideyinləri “Z”lər olacaq. “Zetlər” yeniyetmə vaxtlarından internetin və sosial şəbəkələrin mənfi və müsbət tərəflərinə yaxşı bələddirlər” – deyə futuroloq yazır.

“iPad”ın uşaqları

“Beta”nın əvəzlədiyi “alfalar”ı çox vaxt “iPad”ın uşaqları adlandırırlar. Onlar sosial şəbəkənin mənasız kontentlərinin nümayəndələri və bir-birilə əlaqəsi olmayan sözlərin birləşdiyi leksikonu populyar edənlərdir. Bizə mənasız və şit təəssürat bağışlayan belə ifadələr onlar tərəfindən “dəbli tendensiya” hesab edilir. Məsələn, kontent yaradıcısı və linqvist Adam Aleksiç hesab edir ki, “yaşlı nəsil cavanları anlamaq üçün dəbli tendensiyanı izləməyi bacarmalıdır”.

Dörsinin qənaətinə görə, əgər “iqriklər”ə 11 sentyabrın, “Z”lərə və “alfalar”a isə pandemiyanın təsiri olmuşdusa, “betalar”ın nəyin basqısına məruz qalacaqlarını bəribaşdan ehtimal etmək çətindir. “Pew” araşdırma mərkəzinin ekspertlərinə görə, insanları nəsillərə ayırmaq düzgün deyil, bu, onlar arasında fikir və dünyagörüşü uçurumuna səbəb olur. Daha düzgünü insanlara irqi, demoqrafik, sinfi fərqlilik bucağından baxmaqdır, çünki onları dərindən öyrənmək üçün daha əlverişlidir. Dörsi isə bu yanaşma ilə razı deyil: “Məncə, nəsillərin fərqləndirilməsi gələcəyin öyrənilməsi baxımından vacibdir”.

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər