“Qoşa rəqəmli tarixdə toy günü danışanlara Allah kömək olsun. Xoşbəxt olma ehtimalları çox azdı”.
Bakuplus.az-ın bugünkü müsahibi Qafqazın yeganə numeroloqu Xəyal Məmmədovdur.
Onunla müsahibəni təqdim edirik:
- Xəyal bəy, öncə özünüzü oxucularımıza təqdim edərdiniz...
- 1979-cu ildə Bakıda müəllim ailəsində anadan olmuşam. İxtisasım hüquqşünasdır. 18 ildir ki, numerologiya elmi ilə məşğulam. Qafqazda ilk və yeganə numeroloq mənəm.
- Bir çox insan hələ də numerologiya elminin nədən bəhs etdiyini bilmir. Numerologiyanın elmi izahı necədir?
- İnsanın doğum tarixi və adı əsasında həmin şəxsin enerjisinin hesablanmasına “Numerologiya” elmi deyilir. “Numero” – rəqəm sözündən yaranıb.
Numerologiyanın bir neçə hesablama növü var. Bunlardan ən çox yayılmışı Pifaqor cədvəlidir. Amma Pifaqor cədvəli numerologiyaların içərisində ən sadəsidir. Hər bir numerologiya öz düzgünlüyünü sübut etməyə çalışır. Sadə bir məntiqə gətirsək, mənim məşğul olduğum numerologiya Süleyman peyğəmbərin dövründən gələn hesablama növüdür. Eramızdan əvvəl 10-cu əsr. Bu daha qədim hesablama növüdür. Digər hesablamalar buna əsaslanıb, dəyişikliklər ediblər.
- Hər şeyin enerjisini hesablamaq mümkündür?
- Bir insanı, əşyanı, canlını, cansızı idarə edən qüvvə enerjidir. İnsanın bütün enerjisini hesablamaq mümkündür. Tək insanın yox, əşyanın, hər bir şeyin enerjisini hesablamaq olar. Hər bir insanın pin kodu var. Ruhun rəqəmi – deltası var, onu hesablamaq mümkündür.
- Maraqlıdır, Xəyal bəy, bu elmi haradan öyrənmisiniz? Necə oldu ki, marağınız yarandı?
- Mənim bu elmlə heç bir əlaqəm yox idi. Bu elm haqqında bir məlumatım da olmayıb. Hüquq fakültəsini bitirib Avropaya dostumun yanına getdim. Texniki elmləri heç sevmirdim. Təsadüfən dostum məni numeroloq dostu ilə tanış etdi. O, mənim rəqəmimi hesabladı. Həmin insan mənə təklif elədi ki, numeroloqlar üçün məktəbdə təhsil alım. Elə 2006-cı ildən həyatım beləcə dəyişdi.
- Həmin məktəb haqqında danışardınız. Necə bir məktəb idi, hansı dərslər keçirilir?
- Həmin məktəbə hər istəyən şəxs gedib sənəd verib oxuya bilməzdi. Ancaq o məktəbin nümayəndəsi səni ora dəvət edə bilərdi. Məni də o dəvət etmişdi. Heç 2006-cı ildə numerologiya nədir, bilmirdim. Məktəbə qəbul alanda dünya üzrə 3 minə yaxın tələbə idik. 4 il təhsil müddətində 300-400 nəfərə yaxın tələbə universiteti yarıda qoydu. Çünki çox çətin idi. Şagirdlər belə bir tədrisə dözməyib yarıda qoyurdular.
4 ilin sonunda imtahan verdik. O qədər tələbənin içərisində cəmi 10 nəfər imtahandan keçdi. Yığdığım bala görə 10 nəfər içərisində 6-cı sırada dururam.
- Dediyiniz həmin məktəb tədrisə davam edirmi?
- Bu gün dünyada 89 numeroloq var. 2026-cı ildə yenidən 10 nəfər gələcək və stabil say olaraq 99 qalacağıq. Bundan başqa aramıza heç kim daxil olmayacaq.
- Niyə 99?
- Enerjisi ən güclü rəqəm 99-dur. 2030-cu ildə aramıza yenidən 10 nəfər gələndə 99 nəfər içərisindən ilk 10 nəfər artıq numerologiya ilə məşğul olmayacaqlar. Say stabil olaraq 99 nəfər saxlanılacaq.
- Şeytanın rəqəmi varmı?
- Şeytanın rəqəmi 370-dir. Bunun mənası isə belədir: 0 yanındakı 7-ni sıfırlayır. 3 tək qalır. Tək 3 ya kişidir, ya qadın. Məlumdur ki, Allah hamını cüt yaradıb. Kişi qadınsız, qadın da kişisiz artım verə bilmir.
- Bəs 666?
- Keçən əsrdən insanlar arasında 666 rəqəminin şeytana aid olması ilə bağlı xof var. İnsanlar da 6 rəqəmindən uzaqlaşdılar.
Yəni o dövrdə bəzi şeyləri “ələ almaq” üçün belə tendensiya yaratmışdılar. Düzdü, müsahibədə çox məqamları açıqlaya bilmirəm. Tək onu deyim ki, 6 pul rəqəmidir. 666 - mənası pul olsun, bizim olsun (gülür).
- Rəqəmlərin 1-dən 9-a qədər mənalarını sadalaya bilərsinizmi?
- 1 - tək insan, özgüvən; 2 - münasibət; 3 - böyrək və cinsi orqanlar; 4 - qaraciyər və qarın boşluğundakı orqanlar; 5 - ürək və fikir; 6 – pul; 7 - ruzi, bəxt; 8 - iş, karyera; 9 - həyat yolu, Allahın rəqəmidir.
- Rəqəmlərin həyatımıza təsiri necədir?
- Rəqəmlər həyatımıza birbaşa təsir edir. Çünki gündəlik həyatımızda hər gün rəqəmlərdən istifadə edirik. Hər şey rəqəmlə işarələnib.
- Uğurlu və ya uğursuz rəqəm varmı?
- Hər kəs üçün uğursuz rəqəm 0-dır. Çünki boşluqdur. Sıfır rəqəm deyil, ədəddir. Sıfır riyaziyyat elmində niyə tətbiq edlib? Onluq rəqəmlərin hesablanması üçün. Normalda bu rəqəm deyil, boşluqdur. Sıfırın nə əvvəli var, nə də sonu. Kəsişməsi də yoxdur. Bu boşluğu işlətməklə yanındakı rəqəmi boşluğa salırsınız.
- Bizim xalqa uyğun rəqəm hansıdır?
- Mənim fikrimcə, azərbaycanlılar üçün uyğun rəqəm 9-dur. 9 rəqəmi Azərbaycanın yerləşdiyi əraziyə uyğundur. Bunun bir çox səbəbləri var. 9 təkrəqəmlilərin içərisində ən güclü olanıdır. Azərbaycan da tarixi boyu çətin qonşular tərəfindən əhatə olunan ölkədir. Buna baxmayaraq, Azərbaycan yenə ayaq üstədir.
- Son dövrlər qoşa rəqəmli tarixə toy günü salmaq trend olub. Bu rəqəmlərin insan həyatına, evliliyə təsiri varmı?
- Onu deyim ki, hər şeyin artığı ziyandır. 2 münasibət rəqəmidir. Amma artıq olması münasibətin pozulması deməkdir. Çox təəssüf ki, yenə “professor”lar həmin günün çox gözəl gün olduğunu, min ildə bir dəfə olacağını demişdi. Hansısa eyni rəqəmin çoxluğu o demək deyil ki, yaxşıdır. Əksinə, pisdir.
Buna görə də, qoşa rəqəmli tarixləri gözləyən cütlüklərə ehtiyatlı olmalarını deyirəm. Məsələn, 02.22.2024. Rəqəm olaraq mümkün deyil ki, bu qədər 2 rəqəminin olduğu gündə toy edəsən və xoşbəxt olasan. Allah kömək olsun. Onların münasibəti davamlı olmayacaq. Həmin ailələr dağılacaq.
- Bakıda və ya xarici ölkədə ofisiniz varmı?
- Bakıda 2011-2012-ci illərdə ofisim var idi. Sadəcə xalqımın bəzi nümayəndələri numerologiya ilə falçılığı səhv salır. Bir gün gəlib mənə sual verirlər ki, siz baxıcısınız? Bu sualı eşidəndə elə bil başımdan qaynar qazan tökülür.
Amma Moskvada ofisim var. Orada çoxlu seminarlarım olur. Dəfələrlə Qazaxıstanda, Gürcüstanda və digər ölkələrdə seminarlar təşkil etmişəm. Bir sözlə, numerologiya elmi xarici ölkədə daha maraqla qarşılanır. Bizimkilərə başa sala bilmirəm ki, numerologiya fal deyil.
Fidan İlqar