ABŞ-nin Kaliforniya ştatında tüğyan edən yanğınlarda Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Xarici İşlər Nazirliyi məlumat verib.
Bununla bağlı Bakuplus.az-ın sorğusuna cavab olaraq XİN-dən bildirilib ki, Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq iş aparılır:
“7 yanvar 2025-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq iş aparılır.
Belə ki, Baş Konsulluğumuza məxsus sosial media hesablarında (https://x.com/azconsulatela/status/1876908935355007248?s=46, https://www.facebook.com/azconsulatela) xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi (+13109234540) yerləşdirilib.
Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb (lafd.org/alerts).
Əlavə olaraq, Baş Konsulluğun yerləşdiyi binanın müvəqqəti olaraq evakuasiya edilməsinə baxmayaraq, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır”.