Bakı şəhəri Nəsimi rayonunda ümumi abadlaşdırılma layihəsi davam etdirilir. Bu haqda məlumatı Nəsimi rayonunun İcra Hakimiyyətinin mətbuat xidməti bu gün, 29 oktyabr tarixində qurumun rəsmi saytında yayıb.
Tədbirlər çərçivəsində Alı Mustafayev 3 ünvanında sakinlərin müraciəti nəzərə alınaraq həyətdə asfalt örtüyü yenilənib və bordürlər yeniləri ilə əvəz olunub, söhbətgahlar təmir edilib. Həmçinin, giriş bloklarının təmiri, yağış sularını axıdan boru və navalçaların yenisi ilə əvəz olunması, pilləkən meydançalarında təmir-bərpa işləri aparılması gələcəkdə planlaşdırılır.
Daha bir ünvanda, H.Seyidzadə küçəsi 27a saylı binanın fasadı əsaslı təmir olunub, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yeni yağış suları axıdan navalça və borular quraşdırılıb, asfalt örtüyü yenilənib, binanın dam örtüyü cari təmir edilib. Hazırda binanın həyətində bərpa işləri aparılır, asfalt örtüyü və bordürlər yenilənir, istinad divarı təmir olunur.