Son vaxtlar Bakı-Xırdalan-Sumqayıt və Sumqayıt-Xırdalan-Bakı marşrutu ilə hərəkət edən sürət qatarlarında sıxlıq yarandığı iddia olunur.
Bakuplus.az-a bu barədə sərnişinlər tərəfindən məlumat daxil olub.
Bildirilib ki, əvvəlki dövrə nisbətən qatarlarda indiki vaxtda sıxlıq daha da artıb.
Digər bir məsələ də turniketlərin işləməməsi ilə bağlıdır. Redaksiyamıza ünvanlanan şikayətdə bildirilib ki, Xırdalan dəmiryol vağzalındakı peronda bir neçə turniket uzun müddətdir işlək vəziyyətdə deyil. Bu da sərnişinlər arasında narazılığa, həmçinin pik saatlarında peronda böyük izdihama səbəb olur.
Məsələ ilə bağlı Bakuplus.az-ın əməkdaşı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə sorğu ünvanlayıb.
ADY-dən verilən məlumata görə, mövcud qatar parkına əsasən qatarlar hazırda ən optimal qrafik və interval üzrə daşımaları həyata keçirir.
“Xırdalan stansiyasında isə turniketlər işlək vəziyyətdədir, keçid zamanı müşahidə olunan problemlər əsasən bank kartlarındakı texniki problemlərlə bağlı olur”, - məlumatda bildirilir.
Nəzrin Vahid