Paytaxtın mərkəzində, Nizami küçəsi 66 ünvanının sakinləri bir aydır istilik görmürlər. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
Ötən əsrin 50-ci illərində inşa edilən binanın boruları yararsız vəziyyətdə olduğundan, mənzillərə istilik çatmır.
“Qazanxana həyətdə işləyir, ora ekspertizanı qızdırır, amma bizə çatmır. 9 bloklu bina soyuqdan ölür. Uşaq var, qoca var”, - şikayətçi Svetlana Qürbətova deyib.
Bundan əlavə, bəzi boruların partlaması və ya sızıntı olması binanın özünə də zərər verir, kif yaradır, arkaların altından keçən vətəndaş və turistlərə təhlükə yaradır.
Sakinlər bildirirlər ki, rəsmi qurumlar mənzillərin içindəki boruları dəyişmək istəyirlər, halbuki problem xarici xətlərdədir. Bu cür addımın səbəbi ondadır ki, mənzillərin içindəki boruların dəyişdirilməsinə sakinlər özləri vəsait ödəməlidir. Xaricdəki borular isə qurum tərəfindən maliyyələşir.
Azəristiliktəchizat ASC-nin müştəri xidmətlərinin rəisi isə məsələ ilə bağlı sakinləri təmir-bərpa işləri üçün şərait yaratmamaqda günahlandırır. Bununla bağlı qurum tərəfindən məhkəməyə də müraciət olunduğu bildirilir.