Paytaxtın Xətai rayonunda baş vermiş qətlin detalları məlum olub. Bu haqda BakuPlus.az Avtosfer.az-a istinadən bu gün, 12 iyul tarixində xəbər verir.
Ötən il noyabr ayının 25-i gecə evə gələrkən Neapol dairəsinin yaxınlığında Rahib Abdullayevlə General Şıxlinski küçəsində yaşayan bir neçə nəfər şəxsin arasında mübahisə yaranıb. Buna səbəb isə Rahibin tanışı Valehlə birgə həmin məhəllədə yaşayan Vüsalın yanına narkotik əldə etməsinə görə gəlmələri olub.
Mübahisə böyüdüyündən, Rahib, qardaşı Ruslan Abdullayevə zəng edərək onu olduqları ünvana çağırıb.
Ruslan məhəlləyə gəldikdə qardaşını vuranın kim olmasını soruşub:
“Soruşdum ki, qardaşımı kim vurub, burda aralarında iribədənli İntizam dedi ki, mən vurmuşam. Elə bu zaman qardaşım onu "beşbarmaq"la vurdu üzündən. Sonra kütləvi dava başladı. İntizam bıçaq çıxarıb qardaşımı vurmaq istəyəndə mən keçdim qabağa cibimdən bıçağı çıxarıb ayağından vurdum. Sonra bilmişəm ki, qanaxmadan həmin şəxs ölüb".
Hadisədən bir gün sonra 31 yaşlı Rahib Abdullayev könüllü polisə gələrək təslim olub. Daha sonra isə keçirilən əməliyyat zamanı onun qardaşı 29 yaşlı Ruslan Abdullayev tanışının evində tutularaq istintaqa təhvil verilib.
Sonda məhkəmənin hökmü ilə Ruslan Abdullayev 18, Rahib Abdullayev isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.