Bakıda 121 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalından həbsə yollanıb. Bu haqda 25 fevral tarixində Report məlumat verib.
Nərimanov rayonunda Xaliq Əliyev tanışı İlqar Etibarovun etibarından sui-istifadə etmə və aldatma yolu ilə 121.000 manat pulunu ələ keçirib. O, Etibarovun Böyükşor qəsəbəsində sökülməkdə olan evini alıb, ölçülərini Nərimanov Rayon İcra Hakimiyyətində yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə artıracağını və baha qiymətə satacağını bildirib.
Xaliq Əliyev saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin “Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.