Sabunçu rayonunda içi adamla dolu lift qırılıb. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Hadisə rayonun Bakıxanov qəsəbəsi, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib. İçində 6 qadın, 2 uşaq olan lift 7-ci mərtəbədə qırılaraq zirzəmiyə düşüb. 4 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, digərləri hələ də özlərini pis hiss edirlər. Liftdə havalandırma sistemi belə işləmir.
“14 ildir, bu liftlərin heç biri təmir olunmur. Biz şikayətlər edəndə yalandan gəlirlər, içini düzəldirlər, amma motor təmir olunmur. Bu liftin materiallarını çıxarıb digərinə qoyurdular. Lift əsə-əsə qalxır-düşür. Biz qorxuruq”, - deyə sakinlər şikayət edirlər.
Mənzil istismar idarəsinin komendantı ilə nə hadisə vaxtı, nə də ondan sonra əlaqə saxlamaq mümkün olmayıb.
Baş Prokurorluq isə məsələ ilə bağlı araşdırmaya başladığını bildirib.